2025-ci ildə regionda ilk dəfə olaraq məhz Azərbaycanda ürək transplantasiyası uğurla həyata keçirildi. Bu tarixi uğurun əldə olunmasında Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi (ODTKM) mühüm rol oynayıb. Əməliyyatın uğurla həyata keçirilməsində göstərdikləri xidmətlərə görə Səhiyyə naziri Teymur Musayev Koordinasiya Mərkəzinin bir qrup əməkdaşını fəxri fərmanlarla təltif edib.
Təltif olunanlar sırasında ODTKM-in İdarə Heyətinin sədri Yeganə Abbasova, sədr müavini Günay Abbasova, həkim-koordinatorlar Mehriban Əliyeva və Leyla Mərcan, həmçinin "Hüquq və nəzarət" şöbəsinin müdiri Hüseyn Camalov yer alıblar.
Fəxri fərmanları təqdim edən Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova göstərilən yüksək etimada görə dövlət rəhbərliyinə və səhiyyə nazirinə minnətdarlığını ifadə edərək bildirib:
"Mərkəzimizin əməyinin yüksək qiymətləndirilməsinə görə təşəkkür edirəm. Dövlətimizin və rəhbərliyin fəaliyyətimizə verdiyi dəyər bizim üçün böyük məsuliyyət və qürur mənbəyidir. Bundan sonra da göstərilən etimadı ləyaqətlə doğrultmaq üçün eyni məsuliyyətlə çalışmağa davam edəcəyik."
İdarə Heyətinin sədr müavini Günay Abbasova təltif olunanların adından çıxış edərək mərkəzin yaranma tarixini xatırladıb və əldə olunan uğurların möhkəm təməl üzərində qurulduğunu vurğulayıb:
"2022-ci ildən fəaliyyət göstərən Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi qısa müddətdə ölkədə orqan donorluğu və transplantasiya sahəsində səmərəli koordinasiya mexanizmi formalaşdıraraq mühüm nəticələr əldə edib. Bu nəticələrin əsasında İdarə Heyətinin sədri Yeganə Abbasovanın rəhbərliyi ilə görülən ardıcıl və məqsədyönlü işlər dayanır".
Mərasimdə qeyd olunub ki, Səhiyyə Nazirliyinin həyata keçirdiyi islahatlar və dövlətin bu sahəyə davamlı dəstəyi nəticəsində Azərbaycan regionda yüksəktexnologiyalı tibbi xidmətlər göstərən ölkələrdən birinə çevrilməkdədir. İlk ürək transplantasiyasının uğurla həyata keçirilməsi də bu inkişafın ən mühüm göstəricilərindən hesab olunur.